Ölkədə restoran və şadlıq saraylarının fəaliyyətindəki çatışmazlıqlar hər zaman müzakirə mövzusu olub. Belə ki, bəzi ictimai iaşə obyektləri istər xidmət keyfiyyətinə, istərsə də qiymətlərinə görə, istehlakçıların narazılığına səbəb olur.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hazırda restoran və şadlıq saraylarında olan bir sıra xoşagəlməz hallar barədə Lent.az-a danışıb. O, bəzi restoranlarda hansı şərtlərlə qonaq qarşılanmasından və bahalıqdan söz açıb.
Birlik sədri həmçinin əksər restoran və şadlıq evlərində zalların görünüşü ilə mətbəxlərinin üst-üstə düşmədiyini dilə gətirib. O, Bakının mərkəzində olan restoranların birində evdə bişirilib gətirilən yeməklərin qızdırılıb müştərilərə verildiyini də bildirib.
Eyyub Hüseynov mətbəxi müştəridən gizlədən restoranlar barədə müvafiq dövlət qurumlarına müraciət etməyi tövsiyə edib.
Sədr bundan əlavə, bəzi şadlıq saraylarında bir neçə gün əvvəldən hazırlanan yeməklərin də müştərilərə verilməsindən söz açıb.
Azad İstehlakçılar Birliyinin sədri Azərbaycanda restoranlarda çoxlu sayda qanun pozuntusu aşkarlanmasına baxmayaraq, onların bağlanmadığını deyib. O həmçinin ölkədə restoranların bağlanma prosesinin sadə olmadığını da dilə gətirib.